2020-01-27
"Haaqa Beynəlxalq Model BMT" çərçivəsində "Tarixi Təhlükəsizlik Şurası" nümayəndələri üçün Səfirlik tərəfindən tqədimat keçirilmişdir

27 yanvar 2020-ci il tarixində Səfirlik tərəfindən “Haaqa Beynəlxalq Model BMT” çərçivəsində “Tarixi Təhlükəsizlik Şurasının” (BMT Təhlükəsizlik Şurasının 1990-cı il üzrə simulyasiyası) nümayəndələri üçün təqdimat keçirilmişdir. 

Təqdimatda Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında məlumat verilmiş, Gülüstan və Türkmənçay müqavilələri nəticəsində ermənilərin Cənubi Qafqaza köçürülməsinə başlanıldığı və buna sübut olaraq 1978-ci ildə Ağdərədə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi ilə bağlı abidənin ucaldıldığı bildirilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası elan edildiyində Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi, 1923-cü ildə Dağlıq Qarabağa muxtar status verildiyi və Qarabağın mərkəzi Xankəndi şəhərinin adının Stepanakert olaraq dəyişdirildiyi qeyd edilmişdir.  Dağlıq Qarabağda ermənilərin azərbaycanlılarla bərabərhüquqlu yaşadıqları, onların hökumət daxilində, inzibati və məhkəmə orqanlarında, yerli televiziya, radio, qəzet və jurnallarda və təhsillərində erməni dilindən sərbəst istifadə edə bildikləri bildirilmişdir.

1988-ci ilin fevral ayında baş vermiş Sumqayıt hadisələrinin erməni əsilli Eduard Qriqoryan tərəfindən törədildiyi, bu hadisələrin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi fikrinin yeridilməsi üçün erməni milliyyətçiləri tərəfindən planlandığı, Sumqayıt hadisələrindən daha sonra azərbaycanlı və erməni icmasının Azərbaycan daxilində birgə yaşaya bilməməsi fikrinin və Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyi üçün Qarabağ ətrafındakı ərazilərin işğal edilməli olması ideyalarının ermənilər tərəfindən fəal şəkildə təşviq edildiyi tərəfimizdən vurğulanmışdır.

1988-1990-cı illərdə Ermənistan ərazisindən 300 minə yaxın azərbaycanlının erməni milliyyətçiləri tərəfindən qəddarlıqla qovulduğu, bu proses çərçivəsində 216 nəfərin, o cümlədən 57 qadın, 18 uşaq və 5 körpənin qətlə yetirildiyinin və bu faktın Sovet İttifaqı Daxili İşlər Nazirliyinin müvafiq hesabatında əks etdirildiyi təqdimatda bildirilmişdir.

12 – 13 yanvar 1990-cı ildə Bakıda baş vermiş iğtişaşların Sumqayıt hadisələrinin ssenarisi əsasında erməni milliyyətçiləri və Sovet xüsusi xidmət orqanları tərəfindən törədildiyi, təxribatdan xəbər tutan azərbaycanlıların erməniləri öz evlərində gizlətdiyi tərəfimizdən vurğulanmışdır. Bakı təxribatının törədilməsinin bir tərəfdən Sovet İttifaqı üçün Azərbaycanda oyanış hərəkatının susdurulması məqsədilə ordunun yeridilməsi üçün bəhanə olduğu, digər tərəfdən isə erməni milliyyətçiləri üçün Dağlıq Qarabağın işğalını əsaslandırmaq üçün istifadə edildiyi tərəfimizdən bildirilmişdir. Bu iğtişaşlar ərəfəsində Azərbaycanın hüquq-mühafizə orqanlarının rəsmi Moskva tərəfindən idarə edildiyi, xalqın təkidlərinə baxmayaraq əmin-amanlığı yaratmadıqları tərəfimizdən vurğulanmışdır. Həqiqətən də, bu hadisədən qısa müddət sonra Sovet qoşunlarının Azərbaycana yeridildiyi və 20 yanvar faciəsinin törədildiyi, bu faciə nəticəsində çoxsaylı azərbaycanlının həlak olduğu təqdimatımızda bildirilmişdir.

Təqdimatın sonunda Azərbaycandakı multikulturalizm mühiti haqqında məlumat verilmiş, Azərbaycanda çoxsaylı etnik azlıqların, o cümlədən ermənilərin yaşadığı, Azərbaycanın müsəlman dünyasındakı ən böyük yəhudi icmasına və Cənubi Qafqazdakı ən büyük slavyan icmasına ev sahibliyi etdiyi, ölkəmizdə sinaqoq, kilsə və məscidlərin bərabər hüquqlu əsasda fəaliyyət göstərdiyi, erməni-qriqoryan kilsəsinin qorunduğu bildirilmişdir.

Daha sonra, şagirdlər tərəfindən təqdimatla bağlı verilən suallar Səfirlik tərəfindən cavablandırılmışdır. Suallar Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yolları, beynəlxalq ictimaiyyət tərəfindən atıla biləcək addımlar, BMT-nin bu çərçivədə oynaya biləcəyi rol, Dağlıq Qarabağdakı muxtariyyətin səviyyəsi, Azərbaycanda mövcud olan dini azadlıq və s. ilə bağlı olmuşdur. Tərəfimizdən Azərbaycanın hər zaman danışıqlara açıq olduğu, xalqımızın sülhsevər olduğu və Dağlıq Qarabağda həm azərbaycanlı, həm erməni icmasının Azərbaycan bayrağı altında birlikdə yaşamasının mümkün olduğu qeyd edilmişdir.

növbəti xəbər əvvəlki xəbər