2021-04-14

Nizami Gəncəvi

 

Həyatı

İlyas Yusif oğlu Nizami Gəncəvi (1141, Gəncə -1209, Gəncə) – Yaxın Şərq ədəbiyyatında iz qoymuş görkəmli nümayəndə, Azərbaycan şairi və mütəfəkkiridir. Sənətkar ailəsində doğulmuş, Gəncə mədrəsələrində təhsil almış, orta əsr elmlərini mükəmməl öyrənmiş, xüsusən Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa, ərəb və fars dillərini də incəliklə bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astranomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın olur. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır.

Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. 20 min beyt həcmində olduğu ehtimal edilən Nizaminin divanındakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı “Xosrov və Şirin” poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami əsərlərini fars dilində yazmışdır. O, türk dilində yazmamasını “Leyli və Məcnun” əsərində özünə qüsur tutmuşdur. 

Nizami Gəncəvinin yaradıcılığı humanizm, yüksək sənətkarlığı ilə Cənubi Qafqaz, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin qərarı ilə 2021-ci il Azərbaycanda Nizami Gəncəvi ili elan edilmişdir.

Arxiv üzrə axtarış