2020-05-07

Şuşanın Ermənistan tərəfindən işğalı ilə əlaqədar

1992-ci ilin mayın 8-də Azərbaycanın tarixi şəhəri Şuşa Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və ətrafdakı 30 kənd dağıdılıb, 195 nəfər dinc sakin öldürülüb, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı etnik təmizləmə və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu zəbt ed, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı etnik təmizləməyə məruz qalıb.  

28 il işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi və onların görkəminin süni şəkildə dəyişdirilməsi siyasəti aparır. Bu siyasət çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.

 

 

Arxiv üzrə axtarış