2020-02-26

Xocalı faciəsinin 28-ci ildönümü Niderlandda silsilə tədbirlər ilə qeyd edilmişdir

Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin dəstəyi, ölkədə fəaliyyət göstərən azərbaycanlı və türk diaspor təşkilatlarının təşəbbüsü və təşkilatçılığı ilə cari ilin fevral ayında Niderlanda silsilə tədbirlər keçirilmişdir: 

Niderlanda fəaliyyət göstərən “Belçika və Niderland Azərbaycanlılarının  Koordinasiya  Şurası”,  “Avropa Azərbaycanlıların  Media Qrupu ”nun təşkilatçılığı ilə Xocalı soyqırımına beynəlxalq-hüquqi qiymətin verilməsi məqsədilə Niderland Parlamenti və Niderland hökumətinə  ölkənin bütün azərbaycanlı diaspor təşkilatları adından petisiya təqdim edilmişdir.

Fevral ayının 22-də Berlinin “Brandenburq darvazası” önündə təşkil olunmuş Ümumavropa Qarabağ mitinqində iştirak etmək üçün Niderlanddan 100-ə yaxın fəal Almaniyaya səfər etmiş və Xocalı soyqırımına öz etirazlarını səsləndirmişlər. 

fevral ayının 23-də  Haaqa şəhərinin “Kamperfoeliestraat” parkında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin ərazisində  “Niderland Azərbaycan-Türk Kültür Dərnəyi”nin təşkilatçılığı ilə anım mərasimi keçirilmişdir. 100-dən artıq nümayəndənin iştirakı ilə keçirilmiş  anım mərasimində Azərbaycan və Türkiyə Səfirliklərinin diplomatları, Niderland parlamentinin Nümayəndələr Palatasının üzvü Kris van Dam, yazıçı tarixçi Jak Krus, Azərbaycan və türk diasporunun rəhbər və fəalları, yerli ictimaiyyətin təmsilçiləri və media nümayəndələri iştirak etmişdir. Anım mərasimində Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri F.Axundov tərəfindən çıxış edilmiş, eləcə də Səfirlik tərəfindən Xocalı abidəsinin önünə əklil qoyulmuşdur.

26 fevral 2020-ci il tarixində “Niderland Türk-Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ermənistanın Niderlanddakı Səfirliyinin önündə etiraz aksiyası keçirilmişdir. Etiraz aksiyasında 80-dən çox fəal iştirak etmiş, ermənilər tərəfindən törədilmiş bu vəhşiliyə etiraz olaraq müvafiq şüarlar səsləndirilərək, plakatlar nümayiş etdirilmiş və sonda petisiya təqdim edilmişdir. 

26 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyində anım mərasimi keçirilmişdir. Anım mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi  bir dəqiqəlik sükut ilə yad edilmişdir. Daha sonra  Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri F.Axundov çıxış edərək, anma iştirakçılara Xocalı faciəsinin acı həqiqətləri barədə  məlumat vermiş, ermənilər tərəfindən törədilmiş bu amansızlığın insanlıq əleyhinə ağır cinayət olduğunu, soyqırımın  beynəlxalq müstəvidə daha geniş  tanınması və o cümlədən ona siyasi-hüquqi qiymətin verilməsi məqsədilə dövlət və hökumət rəhbərliyi səviyyəsində aparılna iş və eyni zamanda Heydər Əliyev Fondu tərəfindən dünyanın müxtəlif ölkələrində həyata keçirilən  “Xocalıya ədalət” kampaniyası barədə məlumat vermişdir. Anım mərasimində Niderlandda yaşayan rəssam Rasim Hüseynov və Vəfa Rüstəmovanın Xocalı soyqırımına həsr edilmiş rəsmlərinin sərgisi nümayiş etdirilmiş, Xocalı ilə bağlı film göstərilmiş və çay süfrəsi təşkil olunmuşdur.   

Arxiv üzrə axtarış