Passport

“Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində şəxsin seçimindən asılı olaraq, Azərbaycan Respublikasına qayıtmaq hüququ verən aşağıda qeyd olunan sənədlərdən biri ilə təmin edirlər:

- ya Azərbaycan Respublikası vətəndaşının yeni ümumvətəndaş pasportunun verilməsi üçün tədbirlər həyata keçirilə bilər;

- ya da şəxsin təcili olaraq ölkəmizə geri qayıda bilməsi üçün Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilə bilər.

Azərbaycan Respublikasının ümumvətəndaş pasportu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ümumvətəndaş pasportu verən yerli orqanları (bundan sonra – daxili işlər orqanı) tərəfindən “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunu və “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir.

Qeyd olunan Əsasnamə ilə müəyyən edilmiş qaydalara uyğun olaraq, xarici ölkələrdə daimi və müvəqqəti yaşayan vətəndaşlara ümumvətəndaş pasportu daxili işlər orqanında fərdi olaraq hazırlanmaqla, vətəndaşın olduğu ölkədə akkreditə edilmiş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Bu halda ümumvətəndaş pasportunun verilməsi üçün tələb olunan sənədlərin qəbul edilməsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən həyata keçirilir.

Vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izi götürülmür.

Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir.

Diqqət! Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar xarici ölkələrə səfər etmək üçün viza əldə etmək məqsədilə (beynəlxalq müqavilələrə uyğun olaraq vətəndaşların vizasız gediş-gəlişi haqqında razılaşma olan ölkələr istisna olmaqla) müvafiq xarici ölkənin Azərbaycan Respublikasında yerləşən (və ya akkreditə olunmuş) diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət etməlidirlər.

 

Ümumvətəndaş pasportu üçün lazım olan sənədlər

Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsina malik olan şəxslər Səfirlik vasitəsilə ümumvətəndaş pasportuna müraciət edə bilərlər. Pasport üçün sənədlər konsulluq şöbəsi tərəfindən təyin olunmuş görüş zamanı təqdim edilməlidir. Sənədləri tam olmayan şəxslərin müraciətlərinə baxılmır. 

1. Ərizə-anket (18 yaşı tamam olmuş); Ərizə-anket (18 yaşı tamam olmamış);

2. Müraciət edən şəxsin qüvvədə olan şəxsiyyət vəsiqəsi və ya surəti;

3. 2 (iki) ədəd foto şəkil;

4. Ərizəçi 18-35 yaş hədlərində olduqda, hərbi mükəlləfiyyətdən azad edilmə barədə hərbi biletin surəti və ya möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (əsli ilə birlikdə)

5. Yetkinlik yaşına çatmayan uşaqların valideynləri tərəfindən yazılmış razılıq ərizələri;

6. 25 dollar (iyirmi beş) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum həmin günün məzənnəsinə uyğun olaraq, avro ekvivalenti ilə ödənilməlidir. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

7. Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün ASAN Xidmətdə aşağıda qeyd edilmiş yaş kateqoriyalarına uyğun olaraq müvafiq dövlət rüsumu ödənilməlidir. Qeyd edilən dövlət rüsumunun AR DİN-in hökumət ödəniş portalı (https://e-payment.mia.gov.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsi ilə etmək mümkündür) və ya hökumət ödəniş portalı (gpp.az) vasitəsilə (qeyd edilən portalda ödənişi yalnız şəxsiyyət vəsiqəsinin FİN nömrəsi ilə etmək mümkündür) də ödənilməsi mümkündür;

  1. bir yaşınadək uşaqlar üçün - 10 manat;
  2. bir yaşından üç yaşınadək uşaqlar üçün - 20 manat
  3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün - 30 manat
  4. on səkkiz yaşına çatmış vətəndaşlar üçün - 40 manat

pasport 15 yaşı tamam olmamış vətəndaşa verildikdə:

  • qan qrupu haqqında tibbi arayış (uşağın fərdi identifikasiya kartı təqdim edildikdə bu sənəd tələb olunmur);
  • valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürəninin, himayəçisinin və ya qəyyumunun hüquqlarını təsdiq edən sənəd.

Qeyd: Ümumvətəndaş pasportlarının itirilməsi, oğurlanması, dolması, korlanması və ya məlumat dəyişikliyi ilə əlaqədar yenidən verilməsinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kassasında əlavə olaraq 10 (on) manat miqdarında dövlət rüsumu ödənilməlidir;

Qeyd: Yeni ümumvətəndaş pasportunun rəsmiləşdirilməsi üçün sənədlər təqdim edildikdə vətəndaşa məxsus vaxtı keçmiş pasport Konsulluq bölməsinə təhvil verilməlidir

 

Search in archive