2021-09-04

"Səfirliklər festivalı" çərçivəsində Niderlandlılar Azərbaycan səfirliyini ziyarət edib, tariximiz və mədəniyyətimizlə tanış olublar

Niderlandlılar Azərbaycanın səfirliyini ziyarət ediblər. Ölkəmizin tarixi, mədəniyyəti ilə tanış olub, eləcə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etməsi, işğal dövründə şəhər və kəndlərin, mədəni və tarixi abidələrimizin ermənilər tərəfindən darmadağın edilməsi haqqında məlumatlandırılıblar.

Niderland Krallığında “Səfirliklər Festivalı” tədbiri çərçivəsində yerli ictimaiyyətin nümayəndələrinin səfirliyimizin binasını ilk dəfə olaraq qruplar şəklində ziyarət etmək imkanı olub.

Səfirliyin I katibi Səbinə Sadıqova niderlandlılara üçrəngli bayrağımız, dövlət atributları haqqında məlumat verib. Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstünü təqdim edərək, onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmasından, dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin Müqaviləsi”nin imzalanmasından, müstəqil dövlət quruculuğu prosesinin başlamasından söz açıb.

Azərbaycanın tarixi və mədəniyyəti haqqında danışaraq, səfirliyin binasında nümayiş olunan rəsm əsərləri və onların müəlliflərindən söz açıb. Ziyarətçilər əsrarəngiz tablolarda Naxçıvan və Gəncənin əks olunan tarixi məkanları ilə tanış olublar.

Mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti və milli xalçaçılıq məktəblərimiz haqqında ətraflı məlumat verilib. Azərbaycan xalçaçılıq tarixi, xalçaçılığın inkişafı, xalçalarımızın dünya mədəniyyətinə təsirindən, müxtəlif xalça növlərindən danışılıb.

Ziyarətçilər böyük ekranda Azərbaycanın turizm imkanlarını əks etdirən videoya baxıblar. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı, onun erməni işğalı dövründə darmadağın edildiyini əks etdirən video nümayiş olunub. Ölkəmizin müstəqilliyinin ilk illərində Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı hərbi təcavüzündən, torpaqlarımızı işğal etməsindən söz açılıb. Ötən il 44 günlük müharibə nəticəsində müzəffər Ordumuzun torpaqlarımızın azad etdiyi, azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin başladığı diqqətə çatdırılıb. Ziyarətçilər Azərbaycana səfərə dəvət olunublar.

Sonda niderlandlılar Azərbaycana məxsus kulinariya növü kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş, mədəni kimliyimizin tərkib hissəsi olan dolmanı, eləcə də milli mətbəximizin digər təamlarını dadıblar. Ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən broşur və jurnallar təqdim olunub.

Xatırladaq ki, “Səfirliklər Festivalı” çərçivəsində Azərbaycan tarixi və mədəniyyəti ilə tanışlıq iki gün davam edəcək.

Sentyabrın 4-də günorta saatlarında Haaqanın mərkəzi meydanında Azərbaycanın, eləcə də müxtəlif ölkələrin səfirliklərinin təşkil edilmiş stendləri ilə festival davam edəcək.

Arxiv üzrə axtarış