2021-04-02

Azərbayca və Türkiyə arasında biometrik şəxsiyyət vəsiqəsi əsasında vizasız səyahət ilə bağlı məlumat

10 dekabr 2020-ci il tarixində Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişiklər edilməsi haqqında Azərabycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol" cari ilin 1 aprel tarixindən qüvvəyə minmişdir.

Bu tarixdən etibarən Azərbaycan Respublikasının vətəndaşları diplomatik, xidməti və ümumvətəndaş pasportları, eləcə də Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi əsasında Türkiyə Respublikasına vizadan azad şəkildə səyahət etmək imkanı əldə etmişlər.

Qeyd olunan vizasız səyahət rejimi Azərbaycan Respublikası vətəndaşı olan dənizçinin şəxsiyyət sənədi, dəmiryolu nəqliyyat işçisinin şəxsiyyət vəsiqəsi, uçuş heyətinin şəxsiyyət vəsiqəsi və Azərbaycan Respublikasının vətəndaşına rəsmiləşdirilən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə Türkiyiə Respublikasına səfər edəcək Azərbaycan Respublikasının vətəndaşlarına da şimail edilmişdir. 

Yuxarıda sadalanan etibarlı sərhədkeçmə sənədlərinə malik olan Azərbaycan respublikasının vətəndaşları Türkiyə Respublikasının ərazisinə daxil olmaq, tranzit keçmək və burada qalmaq üçün doxsan (90) gün müddətinə viza tələbindən azaddırlar. 

Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrində yalnız Türkiyə Respublikası ərazisinə daxil olmaq və geri qayıtmaq üçün istifadə edə bilərlər. Azərbaycan Respublikası vətəndaşları Türkiyə Respublikasından digər ölkələrlin ərazisinə daxil olmaq və ya digər ölkələrdən Türkiyə Respublikasına gəlmək üçün pasportlarından istifadə etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası vətəndaşının biometrik şəxsiyyət vəsiqəsi, eləcə də yuxarıda qeyd olunan digər sərhədkeçmə sənədləri Türkiyə Respublikasının ərazisinə giriş tarixindən etibarən ən azı otuz (30) gün etibarlılıq müddətinə malik olmalıdır. 

Arxiv üzrə axtarış