2020-09-21

22 sentyabr 2020-ci il tarixində Fransa Müqavimət Hərəkatının üzvü, azərbaycanlı partizan və qəhrəman Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunur

2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur.

Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabr ayının 22-də Azərbaycanın Şəki rayonunda anadan olmuşdur. O, 1941-ci ildə II Dünya müharibəsinin ilk günlərində cəbhəyə getmişdir. 1942-ci ilin aprelində Ukraynaya  göndərilən Əhmədiyyə orada 350-ci alayın siyasi rəhbərinin köməkçisi təyin olunmuşdur. Bu alayın tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonları ətrafındakı döyüşlərdə  iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətlərə görə ona növbədənkənar baş leytenant rütbəsi verilmişdir.

1942-ci ilin aprel ayında onun təyyarəsi Kursk ətrafında vurulmuşdur.  O, Şimali Donetsk çayının sahilində ağır yaralanmış və almanlara əsir düşmüşdür. Əhmədiyyə  Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilmişdir. O, 1943-cü ildə  əsir düşərgəsindən  qaçmağa cəhd etmiş, lakin cəhd baş tutmadığında Fransanın cənubundakı  Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilmişdir.

1943-cü ildə bu düşərgədəki həbsxana komendantının Janna adlı qulluqçusunun köməyi ilə fransız vətənpərvərləri ilə əlaqə yaratmışdır.  Janna və onun vətənpərvər dostları Əhmədiyyəni əsirlikdən azad etmişlər və beləliklə, o partizan hərəkatına qoşulmuşdur. Tez bir zamanda Fransa  Müqavimət Hərəkatının fəallarından birinə çevrilən  Əhmədiyyə Cəbrayılovun gizli ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", " Armed Mişel” və s. olmuşdur.

Faşist Almaniya  hökuməti igid partizanın  başına 10 min alman markası pul  mükafatı  təyin etmişdi. 1943-45-ci illərdə Əhmədiyyə Fransanın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş və igidlik nümunəsi göstərmişdir. 1945-ci il martın 1-də  bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə aparmalarına mane olmuşdur. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağını xilas edən zaman yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi qospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra  Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət  partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüş və bütün komendantura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarmış, düşmənin ərzaq və silah  anbarlarını, faşist zabitlərinin yaşadıqları evləri yandırmışdır. Onun başçılığı ilə Lion şəhərinin mərkəzində düşmən tankları məhv edilmişdir. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirmiş və o, ölkənin orden və medalları ilə təltif olunmuşdur. Əhmədiyyə Cəbrayılovun şəxsi igidliyə görə Fransanın “hərbi medal”ına (bu medal sıravi əsgərə hərbi parad zamanı generaldan öndə getməyə hüquq verir) layiq görülmüşdür.

1946-cı il noyabrın 25-də  Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıtmışdır. 1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılov ilə görüşmüşdür.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın 5  mükafatına layiq görülmüşdür — Müharibə Xaçı, Hərbi Şücaət Xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunmuşdur.

Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-da  Şəkidə avtomobil qəzasında həlak olmuşdur.

Əhmədiyyə Cəbrayılov haqqında Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış video-sərgi ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz: http://anl.az/el/vsb/Ehmediyye_Cebrayilov/index.htm 

Arxiv üzrə axtarış