2020-08-24

Səfir Fikrət Axundov Kimyəvi Silahların Qadağan olunması Təşkilatının Baş direktoru Fernando Ariasa 18 avqust 2020-ci il tarixində etimadnaməsini təqdim etmişdir

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri, eyni zamanda Haaqada yerləşən Kimyəvi Silahların Qadağan olunması Təşkilatı (KSQT) yanında Daimi Nümayəndəsi Fikrət Axundov avqustun 18-də KSQT Baş direktoru Fernando Ariasa etimadnaməsini təqdim edib.

AZƏRTAC xəbər verir ki, etimadnamənin təqdimat mərasimindən sonra tərəflər Azərbaycan və KSQT arasında münasibətlər, KSQT-nin hazırkı layihələri, Azərbaycanın kimya sənayesi, tərk-silah məsələləri, eləcə də Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

F.Arias 2017-2019-cu illər üzrə KSQT İcraiyyə Şurasının üzvü olmuş, eləcə də hazırda KSQT-nin “Qoşulmama Hərəkatı və Çin” qrupuna sədrlik edən Azərbaycanın fəallığını qeyd edib və sədr ölkə olaraq Azərbaycana öz dəstəyini vurğulayıb.

Tərəflər Azərbaycan və KSQT arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluqlarını bildirib və gələcəkdə əməkdaşlıq səviyyəsinin daha da intensivləşdirilməsinə öz ümidlərini ifadə ediblər.

Arxiv üzrə axtarış