2020-01-20
Niderlandda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi silsilə tədbirlərlə yad edilib

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı və diaspor nümayəndələrinin iştirakı ilə bu ölkədə bir sıra tədbirlər keçirilib.

Tədbirlərdə səfirliyin əməkdaşları, bu ölkədə yaşayan Azərbaycan diaspor təşkilatlarının üzvləri, tələbələr və gənclər olmaqla, 60-a yaxın şəxs iştirak edib.

Tədbirlərdə əvvəlcə ölkəmizin müstəqilliyi uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfirliyin əməkdaşları xalqımızın yaddaşına Qara Yanvar gecəsi kimi həkk olunmuş bu tarixin önəmi haqqında çıxış edərək, bu günün şəhidlərimizin anım günü, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizənin simvolu olduğunu bildiriblər. Səfirlik əməkdaşları həmin gecə yüzlərlə silahsız, dinc insanın ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinə və keçmiş SSRİ rəhbərliyinə etiraz əlaməti olaraq küçələrə çıxdığını və vətən yolunda şəhid olduğunu qeyd ediblər. Azərbaycan xalqına qarşı keçmiş SSRİ rəhbərliyi tərəfindən törədilmiş bu cinayətə ilk hüquqi qiymətin Moskvada ulu öndər Heydər Əliyev tərəfindən verildiyi Azərbaycan diplomatları tərəfindən vurğulanıb.

Daha sonra tədbirdə çıxış edən Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri 20 Yanvar faciəsi ilə bağlı acı xatirələrini bölüşüblər. Tədbir çərçivəsində iştirakçıları 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı qısa videoçarx izlənilib.

Səfirlik və diaspor təşkilatlarının qarşılıqlı əməkdaşlığı nəticəsində 20 Yanvar faciəsinə hüquqi qiymətin verilməsinə çağırış edən və Niderlandın hökumət üzvlərinə və parlamentarilərinə ünvanlanan petisiya mətni hazırlanıb. Petisiya Belçika və Niderlandda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası və diaspor təşkilatları, eləcə də Avropa Azərbaycanlıları Konqresi tərəfindən holland və ingilis dillərində 100-dən çox parlamentari və hökumət üzvünə göndərilib.

Eyni zamanda, Amsterdamda kral sarayının önündə yerləşən, turistlərin sıx olduğu Dam meydanında 20 Yanvar faciəsi ilə bağlı Belçika və Niderlandda Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının dəstəyi və “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyətinin təşkilatçılığı ilə aksiya keçirilib. Aksiya Amsterdamdakı turistlərin 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırılması məqsədilə reallaşıb.

Həmçinin Haaqada Niderland Azərbaycan Türk Mədəniyyət Mərkəzi tərəfindən anım mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan, türk, holland icmalarının nümayəndələri iştirak ediblər.

Rotterdamda da Benilüks Azərbaycanlıları Konqresi tərəfindən anım mərasimi təşkil olunub.

Haaqa və Rotterdamda diaspor təşkilatları və orada yaşayan azərbaycanlılar tərəfindən təşkil olunmuş 20 Yanvar faciəsinin anım mərasimlərində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin əməkdaşları iştirak ediblər.

20 Yanvar faciəsi səfirlik və diaspor təşkilatları və Niderlandda yaşayan azərbaycanlılar tərəfindən sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılıb.

növbəti xəbər əvvəlki xəbər