2018-05-31
"Əbədi ezamiyyət" filminin təqdimatı

Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyində Arzu Əliyevanın prodüseri olduğu, Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş “Əbədi ezamiyyət” filminin təqdimatı keçirilib. 

Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra müvəqqəti işlər vəkili Cəlal Mirzəyev çıxış edərək 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsinin qəbulu ilə müsəlman dünyasında ilk parlament demokratiyası – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsasının qoyulduğunu söyləyib. O, imperiyanın dağılmasından sonra meydana çıxan ağır daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, AXC-nin səmərəli dövlət təsisatları qurmağa, vətəndaşların hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq olduğunu, universal seçki hüququnu təmin etdiyini bildirib.

C.Mirzəyev AXC dövründə həyata keçirilmiş dövlət quruculuğu tədbirləri ilə bağlı ətraflı məlumat verib. O, Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyətinin AXC-nin beynəlxalq müstəvidə tanınmasına nail olmaq məqsədilə Paris Sülh Konfransına səfəri ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının AXC ideallarını və məramlarını reallığa çevirdiyini vurğulayıb.

Müvəqqəti işlər vəkili, eyni zamanda, bu günün daha bir hadisə ilə əlamətdar olduğunu bildirib və Azərbaycan-Niderland Gənclər Platformasının təsis edildiyini elan edib. Gənclər Platformasının təsisçisi Əsmər Bəydəmirova Niderlandda yaşayan Azərbaycan gənclərinin bir araya gəldiyi bu platforma haqqında ətraflı məlumat verib. O, bu platformanın əsas məqsədinin ölkəmizin təbliğatı və maraqlarının irəli sürülməsi məqsədilə Niderlandın rəsmi dövlət orqanları və yerli ictimaiyyət, siyasi partiyalar ilə sıx təmaslar qurmaq olduğunu deyib.

Tədbir iştirakçıları “Əbədi ezamiyyət” filmini izlədikdən sonra interaktiv şəkildə öz fikirlərini bölüşüblər. Filmin nümayişindən sonra qonaqlara Hamburq Musiqi Konservatoriyasının müəllimi, bəstəkar–pianoçu L.Şahbazova və müğənni E.Rzayevin ifasında Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

növbəti xəbər əvvəlki xəbər