2018-05-11
Ümummilli lider Heydər Əliyevin xatirəsi Haaqada da anılıb

Azərbaycanın Niderland Krallığındakı səfirliyində ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilib. Nizami Gəncəvi adına həftəsonu Haaqa Azərbaycan məktəbinin müəllim və şagird heyətinin iştirakı ilə keçirilən tədbir səfirliyin dəstəyi və “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutub.

Niderlanddakı səfirliyimizdən AZƏRTAC-a bildiriblər ki, dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıb. O, Azərbaycan tarixində Ümummilli Liderin müstəsna rolunun olduğunu deyib, onun əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Diplomat Azərbaycanın son illərdə qazandığı nailiyyətlərə toxunub.

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin 95 illik yubileyi və Nizami Gəncəvi adına həftəsonu Haaqa Azərbaycan məktəbinin yenidən fəaliyyətə başlaması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, yenidən fəaliyyətə başlayan məktəbdə ilk dərsin məhz Ulu Öndərə həsr olunması rəmzi xarakter daşıyır. Bildiyimiz kimi, Ümummilli Lider siyasi kursunda gənclərə və uşaqlara böyük diqqət ayırır, onları ölkəmizin gələcəyi adlandırır, gözəl və firavan yaşaya biləcəkləri bir siyasət yürüdürdü. Biz də bu siyasəti dəstəkləyərək burada yaşayan uşaqların vətənpərvər ruhda formalaşması üçün dörd il öncə bu ölkədə uşaqlar üçün kiçik bir məkan yaratdıq. Bir müddət öncə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Haaqa Azərbaycan məktəbi təmir işləri ilə əlaqədar fəaliyyətini dayandırmışdı. Artıq məktəb yenidən işinə başlamağa hazırdır.

Məktəbin müəllimi Almaz Kərimli Hollandiyada doğulub boya-başa çatan uşaqlara tariximizi, musiqimizi, mədəniyyətimizi tanıtmağın önəmli olduğunu qeyd edib.

Sonda şagirdlər ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dərsdə şeir kompozisiyaları təqdim edib, dahi lider haqqında sənədli filmə baxıblar.

növbəti xəbər əvvəlki xəbər