2017-07-07
Cəbhədəki vəziyyət və Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaranlanması ilə əlaqədar Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin mətbuat açıqlaması

Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi 4 iyul 2017-ci il tarixində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində qəsdən hədəf alınan və amansızlıqla öldürülən Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ailəsinə dərin baş sağlığı diləyir.

Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsi sistematik xarakter daşıyır. Cəbhə xəttində yaşayan uşaqların öldürülməsi ermənilər tərəfindən sistemli şəkildə aparılır. Belə ki, 2011-ci ilin martında onlar 10 yaşlı Fariz Bədəlovu, 2011-ci ilin iyulunda 12 yaşlı Aygun Şahmalıyevanı, 2016-cı ilin aprelində 16 yaşlı Turanə Həsənovanı öldürmüşlər.

Ermənistan 1992-ci ilin 26 fevral tarixində bir gecədə 613 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımının birbaşa təşkilatçısıdır. Ermənistan münaqişə nəticəsində öz vətənlərindən didərgin düşmüş 1 milyondan çox qaçqın və məcburi köçkünə görə məsuliyyət daşıyır. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Azərbaycan Respublikası bir daha bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.

Biz beynəlxalq cəmiyyəti erməni vəhşiliğinə göz yummamağa və mülki əhalinin öldürülməsinə səssiz qalmamağa çağırırıq.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop