2017-05-08
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şuşanın işğalının 25-ci ildönümü ilə əlaqədar B Ə Y A N A T I

Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri etnik təmizləmə, deportasiya və soyqırımı siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür.

Ermənistan 1988-ci ildən başladığı növbəti hərbi təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ  ərazisini, eləcə də onun ətrafındakı yeddi rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, 20 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış, minlərlə insan itkin düşmüş,  qadınlar,  qocalar,  uşaqlar  əsir  və girov  götürülmüş,  amansız  işgəncələrə məruz qalmış, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular,   Qaradağlı,   Ağdaban   kəndlərində   və   digər   yaşayış   məntəqələrində soyqırımları törətmişlər.

Həmin işğalçılıq siyasətin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin,  insan  hüquqlarının  kobudcasına  pozulması  ilə  nəticələnən, Azərbaycanın tarixən mədəniyyət beşiyi sayılan, tarixi abidələrlə zəngin olan, dünyaya xalqımızın zəngin mədəni irsini tanıtdıran görkəmli şəxsiyyətlər, yazıçılar, şairlər, musiqiçilər bəxş etmiş Şuşa şəhərinin işğal olunmasından iyirmi beş il keçir.8 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri Şuşa şəhərini işğal etmiş, bu şəhərin müdafiəsi uğrunda aparılan döyüşlərdə yerli əhalidən 195 nəfər şəhid olmuş,165-dən çox yaralanmış, 68 nəfər əsir düşmüş və girov götürülmüşdür. Erməni vandalları işğal zamanı burada minlərlə eksponatı olan muzeyləri talan etmiş, yüzlərlə tarix-mədəniyyət  abidəsini  dağıtmış,  müqəddəs  məbədgah  və məscidləri  təhqirlərə məruz qoymuş, çox sayda nadir əlyazma nümunələrini məhv etmiş, təhsil və səhiyyə ocaqlarını xarabazarlığa döndərmişdilər. 300 kvadrat kilometrədək ərazisi olan Şuşa şəhərində yaşayan  24.900 nəfər əhali işğaldan sonra məcburi köçkünlərə çevrilmişlər.Lakin bu təcavüzün faciəvi nəticələri təkcə Azərbaycan ərazilərinin zəbt edilməsi ilə məhdudlaşmır. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, həmçinin  Xan  qızı,  tanınmış  sairə Xurşidbanu  Natəvanın  sarayı,  Ağabəyim  Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi, Cümə məscidi, dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası,digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının   ekspozisiyaları dağıdılmış, talan olunmuş, kitabxanalar yandırılmışdır.Yeri gəlmişkən, hələ 1977-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Şuşa şəhərinin bir hissəsini Tarix-memarlıq qoruğu elan etmək haqqında qərar qəbul olunmuş,  bənzərsiz təbiətə məxsus, istirahət və turizm mərkəzi kimi tanınan bu şəhərdə geniş abadlıq-quruculuq işləri aparılmış, Azərbaycan mədəniyyəti və incəsənətinin böyük simaları Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi açılmış, bu dünya şöhrətli söz-sənət ustadlarının abidələri ucaldılmışdı.Lakin işğal nəticəsində təkcə canlılara deyil, həm də abidələrə qəsd edən erməni millətçiləri Şuşa əhalisinə, xalqımıza mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla kifayətlənməmiş, Azərbaycan xalqının dünya şöhrətli korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləboran etmişlər.Eyni zamanda Şuşanın işğalından bir neçə gün sonra bu şəhərin Turşsu adlanan ərazisindən  və Ermənistanın  Gorus  rayonu  istiqamətindən  erməni  silahlı  qüvvələri hücuma keçərək, 18 may 1992-ci il tarixdə Azərbaycanın ərazisi olan Laçın rayonunu da işğal etmiş, nəticədə uzun illərdən bəri qəsb etməyi planlaşdırdıqları Laçın dəhlizini ələ keçirmişlər. Qeyd olunmalıdır ki, bu rayonun işğalı nəticəsində şəhər, qəsəbə və kəndlər, sənaye, kənd təsərrüfatı, səhiyyə, mədəni-maarif obyektləri, məktəblərlə yanaşı, 200-dən çox tarixi abidə, o cümlədən Ağoğlan məbədi, həmçinin xalq teatrı, tarix-diyarşünaslıq muzeyi də talan edilərək dağıdılmışdır.Erməni millətçiləri mövcud cəzasızlıq şəraitindən yararlanaraq, çoxsaylı toponimlərimizi dəyişdirməklə, Şuşa şəhəri ətrafında yerləşən, qədim bürünc dövrünə aid yüzlərlə məzarda arxeoloji qazıntılar aparmaqla, beynəlxalq hüquq normalarını pozmaqla daha bir saymazyana münasibət nümayiş etdirmişlər. Onlar zəbt olunmuş Azərbaycan ərazilərində məzarları sökür, qəbirüstü abidələri qarət edir, işğal zonasındakı məbədləri talan edirlər.

Ermənistan Respublikası bütün dünyanın gözü qarşısında Azərbaycanın unikal mədəni sərvətlərini  kütləvi şəkildə məhv etməkdə davam edir. Belə ki, respublikamızın işğal edilmiş ərazilərində 927 kitabxana, dünya və ölkə əhəmiyyətli 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. Bir sıra tarix diyarşünaslıq muzeyləri yerlə yeksan olunmuş, qızıl və gümüş  zinət  əşyaları,  ötən  əsrlərdə toxunmuş  xalçalar,  digər  qiymətli  eksponatlar Ermənistana daşınmışdır. Şuşadakı məşhur tarix muzeyinin də taleyi belə olmuşdur.

Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında Haaqa Konvensiyasının və Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında Paris Konvensiyasının müddəalarını kobudcasına pozan Ermənistan Respublikası Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

Zəngin folklor, musiqi, ədəbiyyat nümunələrimizi ardıcıl və sistemli şəkildə mənimsəyən  erməni  millətçiləri  əslində  işğalçılıq  müharibəsini  həm  də  mədəni sərvətlər müstəvisində genişləndirir, Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərimizi  də özününküləşdirirlər.  Ermənistanın  hüquqazidd  əməlləri  ilə  bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına dəfələrlə müraciət olunmuşdur.Təəssüf ki, bu işğalçılıq və terrorçuluq siyasəti uzun illərdən bəri dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir və ərazi bütövlüyünün, suverenliyin pozulması yolverilməzdir.

Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ ərazisi üzərində yurisdiksiyası BMT,  ATƏT,  Avropa  Şurası,  habelə digər  nüfuzlu  beynəlxalq  təşkilatlar  və bütün dövlətlər tərəfindən dəfələrlə təsdiq edilmişdir. Lakin Ermənistan Respublikası beynəlxalq hüquq normaları və dünya birliyinin mövqeyi ilə hesablaşmır.

Zəbt olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd- şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını  təsdiq  edən  2005-ci  il  tarixli  1416  saylı  qətnamə və 1690  saylı tövsiyə, həmçinin Avropa Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü ildə qətnamə qəbul etsələr də, Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı olaraq, Ermənistandan öz hərbi qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarması, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb olunmuşdur.

Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən Parlament Assambleyasının 221 saylı Rəyi əsasında öz üzərinə bir sıra öhdəliklər götürmüş, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yollarla nizamlamaq üçün səyləri davam etdirmək, beynəlxalq və yerli mübahisələri, qonşulara qarşı hər hansı güc tətbiqinə və hədələməyə yol vermədən, dinc vasitələrlə və beynəlxalq hüququn prinsipləri əsasında həll etmək öhdəliyini götürmüşdür. Lakin erməni tərəfi qeyri-konstruktiv mövqe nümayiş etdirərək, bu  öhdəliklərə əməl  etmir, regionda sülhün bərqərar olmasına maneçilik törədir, atəşkəs rejimini mütəmadi olaraq pozur.

Belə ki, 2016-cı il aprel ayının ilk günlərində Azərbaycanın işğal olunmuş ərazilərindən və Ermənistan Respublikası ərazilərindən erməni silahlı qüvvələri tərəfindən qəflətən iri miqyasda Azərbaycan Respublikasının əraziləri, cəbhəyanı bölgələrdə mülki əhalinin yaşadığı çoxsaylı yaşayış məntəqələri, məktəblər və digər sosial obyektlər, habelə Azərbaycan Silahlı Qüvvələrinin qoşunlarının təmas xətti boyunca mövqeləri ağır artilleriyadan, iri çaplı silahlardan intensiv atəşə məruz qalmışdır. Nəticədə dinc əhali, o cümlədən uşaqlar, qadınlar və ahıllar həlak olmuş və ağır yaralanmışlar. Bu təxribatlar nəticəsində beynəlxalq sənədlərin, o cümlədən Cenevrə konvensiyalarının müddəaları kobud şəkildə pozulmuş, bu da ölkəmizə səfər edən xarici jurnalistlər tərəfindən də müşahidə edilmişdir.

Bütün bunlar XXI əsrdə, yüksək mədəni inkişaf səviyyəsinə malik dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Qətiyyətlə bildiririk ki, hər bir vandalizm, separatçılıq,  milliyyətçilik,  terrorizm  aktlarına  hüquqi-siyasi  qiymət  verilmədikcə, bütün bəşəriyyət təhlükə qarşısında qalacaqdır.

Son dövrlər dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir, problemin beynəlxalq hüquq normaları çərçivəsində dinc vasitələrlə həll edilməsində maraqlıdır.  Yeri  gəlmişkən,  artıq  14  dövlətin  parlamentləri  ermənilər tərəfindən 26 fevral 1992-ci il tarixdə törədilmiş Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Habelə ABŞ-ın artıq 21 ştatının qanunverici orqanlarında da müvafiq qətnamələr qəbul olunmuşdur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) kimi bunları nəzərə alaraq, bəyan edirəm ki, Ermənistan Respublikası tərəfindən ölkəmizin ərazi bütövlüyünün pozulması, əzəli torpaqlarımızın işğalı, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir.

Ədalətin tezliklə bərqərar olması, zəbt olunmuş torpaqların, o cümlədən Şuşanın qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi, əsir və girovların azad olunması, cinayətkarların cəzasız qalmaması naminə beynəlxalq təşkilatları haqlı mövqeyimizi dəstəkləməyə çağırırıq.

Ümid edirik ki, qədim mədəniyyət ocağı və tolerantlıq məkanı olan Azərbaycan torpaqlarında sülhün və əmin-amanlığın bərqərar edilməsində bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı insanlar imkanlarını səfərbər etməklə səylər göstərəcək, uzun illərdir Azərbaycana qarşı davam edən təcavüz siyasətinə son qoyulacaq,   hər   hansı   bir   zəmində  ayrı-seçkiliyə  yol   verilmədən   hər   bir   kəsin ümumbəşər miqyasda tanınmış fundamental insan hüquq və azadlıqlarının, o cümlədən mədəni hüquqlarının təmin olunması üçün real imkanlar yaranacaq, ölkəmizdə və bütövlükdə regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq naminə zəruri şəraitə nail olunacaqdır.

Elmira Süleymanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

01 may 2017-ci il

 

Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilmişdir.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop