2016-05-28
Niderland Krallığında 28 May-Respublika Günü qeyd edilib

Haaqa, 28 may,

Azərbaycanın Niderland Krallığındakı səfirliyində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Tədbirdə Niderland Krallığı Senatının baş katibi, Xarici İşlər, İqtisadiyyat nazirliklərinin və digər dövlət qurumlarının, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların rəhbər və nümayəndələri, ölkənin aparıcı iş və elmi dairələrinin, Niderland ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının fəalları iştirak ediblər.

Qəbul çərçivəsində təşkil olunan “dəyirmi masa” və görüşlər zamanı Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumuna qatılan Niderlandın hökumət və iş dairələrinin təmsilçiləri Prezident İlham Əliyev ilə görüşün təəssüratlarını bölüşüblər. Ölkəmizdə gedən hərtərəfli inkişafın canlı şahidi olduqlarını və aparılan quruculuq işlərinin onlarda dərin təəssürat yaratdığını vurğulayaraq, əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Qəbulda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, eləcə də Bakıda keçiriləcək “Formula 1” Avropa Qran-prisinə dair informativ materiallar və videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda geniş ziyafət verilib, qonaqlara milli mətbəximizin təamları təqdim olunub.

növbəti xəbər əvvəlki xəbər