2016-05-17
Azərbaycan ilə Niderland Krallığı arasında aqrar sahədə əməkdaşlıq imkanları araşdırılıb

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Niderlandın Maastrixt Universitetinin idarə heyətinin sədri Van Der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir müavini İlham Quliyev qonaqlara son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional islahatlar və istehsalçılara yaradılan şərait, dövlətimizin başçısının aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar barədə məlumat verib. Həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracın stimullaşdırılması və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühiti yaradılması diqqətə çatdırılıb.

Maastrixt Universitetinin idarə heyətinin sədri Van Der Linden Azərbaycanla kənd təsərrüfatı sahəsində, xüsusilə damazlıq, gülçülük, suvarma sistemləri, təhsil sahələrində mübadilələrin aparılması və təcrübələrin paylaşılmasında maraqlı olduqlarını qeyd edib. Van Der Linden Hollandiyanın kənd təsərrüfatı sahəsi barədə ətraflı məlumat verib, onun Avropada aparıcı aqrobiznes ölkəsi olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcək.

İlham Quliyev Hollandiyanın təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin bu ölkənin universitetlərində təcrübə mübadiləsində iştirakı, baytarlıq, bitkiçilik, tingçilik, toxumçuluq kimi sahələrdə mübadilə aparılması və birgə əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə nümayəndə heyəti ilə maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

növbəti xəbər əvvəlki xəbər