2016-05-17
Azərbaycan və Niderland arasında 4 memorandum imzalanıb

AZƏRTAC xəbər verir ki, imzalanma Bakıda keçirilən Azərbaycan-Niderland biznes forumu çərçivəsində baş tutub.

Mayın 17-də Bakıda “ADA” Universitetinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə təşkil etdiyi Azərbaycan-Niderland biznes forumu keçirilib. Tədbirdə “ADA” Universitetinin rektoru, xarici işlər nazirinin müavini, səfir Hafiz Paşayev, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Niderland Krallığı Senatının üzvü Rene van der Linden və hər iki ölkənin səfirləri iştirak edib. Forumun məqsədi hər iki ölkənin sahibkarları ilə əməkdaşlıq əlaqələri qurmaq, iqtisadiyyatın inkişafına töhfə verməkdir.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev görüşün əhəmiyyətindən bəhs edərək artıq 3 ildir “ADA” Universitetində biznesin idarə edilməsi ilə bağlı magistr proqramının fəaliyyət göstərdiyini deyib. “İqtisadi və digər mühüm əməkdaşlıq hər zaman liderlərin dəstəyi sayəsində mümkün olur. Dövlət başçısı bu məsələyə xüsusi diqqət ayırır. Sabah Bakıda Azərbaycan və Avropa İttifaqı arasında biznes-forum keçiriləcək. Bu forumun da nəticələrinin çox uğurlu olacağına ümid edirik. Azərbaycan-Niderland biznes forumunun yerli və Niderland şirkətləri üçün əhəmiyyəti böyük olacaq. Bu forumda Niderlanddan 24 şirkətinin, Azərbaycandan isə 40 şirkətin nümayəndələri iştirak edir”, - deyə H.Paşayev vurğulayıb.

Azərbaycan Niderland arasında kənd təsərrüfatı sahəsindəki əlaqələrdən danışan H.Paşayev bildirib ki, Niderlanddan Azərbaycana 600 baş inək gətirilib. Kənd Təsərrüfatı əlaqələri və digər sahələrin şaxələndirilməsi iqtisadiyyatın inkişafına böyük təkan verəcək.

Niderland Krallığı Senatının üzvü Rene van der Linden hər iki ölkə arasında iqtisadi, təhsil, mədəniyyət sahəsindəki münasibətlərin əsas rol oynadığını bildirib. “Qarşılıqlı münasibətlər çərçivəsində Niderland şirkətləri Azərbaycana sərmayə yatıra bilər. Sizin Avropada çox böyük nüfuzunuz var. Bu nüfuz vasitəsilə və qarşılıqlı əməkdaşlıq əlaqələri sayəsində iqtisadiyyatı daha da irəli aparmaq iqtidarındayıq. Biz, həmçinin Azərbaycan şirkətlərini Hollandiyaya dəvət edib oradakı imkanlardan yararlanmağa çağırırıq. Çalışmalıyıq ki, iqtisadi münasibətləri uzunmüddətli münasibətlər fonunda quraq. Qısamüddətli münasibətlər çox zaman davamlı olmur. Biz isə Azərbaycanla daimi əməkdaşlıq arzusundayıq”, - deyə Niderland Krallığı Senatının üzvü vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, Niderland Azərbaycana 900 milyon dollardan artıq investisiya yatırıb, onun 340 milyon dolları son 3 ildə yatırılıb. Azərbaycanla Niderland arasında 180 milyon dollar dəyərində müqavilələr imzalanıb. Niderland şirkətləri dövlət sifarişlərində də iştirak edir, Azərbaycanda 10 sifarişi öhdəliyinə götürüblər.

Nazir müavini qeyd edib ki, Niderland şirkətləri kənd təsərrüfatı, turizm, sənaye və digər sahələrdə Azərbaycana dəstək olacaq. Niderland kənd təsərrüfatı sahəsi üzrə dünyada ikinci yeri tutur.

Azərbaycanın Niderland Krallığındakı səfiri Mir-Həmzə Əfəndiyev iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdiyini söyləyib. “Niderlandın iqtisadiyyat nazirinin Azərbaycana səfəri və digər əməkdaşlıq əlaqələri, bu gün keçirilən biznes forum onu göstərir ki, Azərbaycan və Niderland əlaqələri uğurlu inkişaf yolundadır”, - deyə səfir vurğulayıb.

Daha sonra Azərbaycan-Niderland biznes forumu çərçivəsində 4 memorandum imzalanıb.

Birinci sənəd Sumqayıt Kimya Sənaye Parkı ilə Niderlandın “Chamelot” Kimya Parkı arasında imzalanıb.

İkinci memorandum Azərbaycan-Niderland biznes mərkəzinin yaradılması haqqındadır. Memorandumu “ADA” Universiteti və Limburq vilayətinin nümayəndələri imzalayıb.

İmzalanan üçüncü memorandum 6 şirkət arasında texnologiya sahəsinə aiddir. İmzalayan tərəflər arasında “ASAN” innovasiyalar, “Nar” və yeni yaradılmış Azərbaycan-Niderland biznes mərkəzi olub.

Dördüncü memorandum birgə elmi araşdırmaların və təhlil işlərinin aparılması ilə bağlıdır. Onu Azərbaycan Polad İstehsalı Kompleksinin nümayəndəsi, Niderlandın Axen Universiteti və Maastrixt Universitetinin nümayəndələri imzalayıb.

Kənd təsərrüfatı ilə bağlı beşinci memorandum isə Bakı Ekspo Mərkəzində keçiriləcək “XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi, X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” sərgisi çərçivəsində imzalanacaq.

növbəti xəbər əvvəlki xəbər