2016-04-06
Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son günlərdə baş vermiş gərginliklə bağlı ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib.

ATƏT-in fəaliyyətdə olan sədri qismində Almaniyanın bu təşkilat yanında daimi nümayəndəsi Eberhard Pohl son günlərdə baş vermiş hadisələr və insan itkiləri ilə bağlı narahatlığını ifadə edib.

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kaspşik çıxışında atəşkəsin bərpa edilməsini müsbət dəyərləndirib və tərəfləri danışıqlar masası arxasına dönməyə çağırıb.

ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik iclasda həmsədrlər adından çıxış edib. O bildirib ki, həmsədrlər aprelin 9-dək regionda səfərdə olacaqlar. Baş verən hadisələr münaqişənin hərtərəfli sülh sazişi üzərində təcili danışıqların nə qədər əhəmiyyətli olduğunu göstərir.

İclas zamanı Niderland Krallığı, Gürcüstan, Moldova, Kanada, ABŞ, Ukrayna, Belarus, Qırğızıstan və digər ölkələrin nümayəndələri çıxış edərək, təcili və effektiv danışıqların aparılmalı olduğunu bildiriblər və münaqişə tərəflərini problemin həlli üçün bir masa ətrafında danışıqlara çağırıblar.

Türkiyənin ATƏT yanında daimi nümayəndəsinin müavini Boğaç Güldərə ATƏT-in Minsk qrupunun fəaliyyətini tənqid edib. O, həmsədrlərin uzun illərdən bəri heç bir nəticə olmadan danışıqlar apardığını, bir milyon qaçqın və köçkünü olan, ərazi bütövlüyü pozularaq təcavüzə məruz qalan, torpaqlarının beşdəbir hissəsi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycandan danışıqlar prosesində hansısa güzəştli mövqe gözləməyin əsassız olduğunu söyləyib.

Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov öz bəyanatında bildirib ki, Prezident İlham Əliyev, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Buna baxmayaraq təcavüzkar Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqda davam edir, 20 ildən artıqdır BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, Azərbaycan torpaqlarını işğal altında saxlayır: “Daha yetər! Azərbaycan münaqişənin siyasi nizamlanması kimi qələmə verilən bu vəziyyətə daha dözməyəcək. Bir daha təkrarlamaq istəyirəm ki, Azərbaycan Ermənistanla müharibə istəmir. Biz gənc əsgərlər və mülki əhalinin həlak olmasının əleyhinəyik, münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq, beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsbit olunmuş hüquqlarımızın həyata keçməsini istəyirik”. Səfir qeyd edib ki, Azərbaycan proses görüntüsü yaradan və heç bir problemi həll etməyən danışıqların aparılmasında maraqlı deyil.

Azərbaycan nümayəndəsi iclasda, həmçinin Minsk qrupunun tam tərkibdə iclasının keçirilməsi təklifi ilə çıxış edib. O bildirib ki, son illərdə Minsk qrupuna üzv olan digər ölkələr fəaliyyətlərini passiv şəkildə təşkil edərək yalnız həmsədrlərin fəaliyyətini dəstəkləməklə kifayətlənirdisə, artıq münaqişənin nizamlanması prosesində durğunluq və Ermənistanın cəzasızlıq şəraitində olması tələb edir ki, Minsk qrupu ölkələri, o cümlədən həmsədr dövlətlər səmərəli danışıqlar prosesinə başlasınlar.

Azərbaycan nümayəndəsi münaqişənin həllinin yeganə yolunun ATƏT-in 1994-cü il Budapeşt Sammitinin qərarında təsbit edildiyi kimi mərhələli şəkildə həll yolundan ibarət olduğunu, işğal edilmiş Azərbaycan ərazilərinin işğalçı qüvvələrdən təmizlənməsi, Azərbaycan məcburi köçkünləri təhlükəsiz və layiqli şəkildə geri qayıdışının təmin edilməsi, Dağlıq Qarabağ regionun azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu qaydada Azərbaycan Respublikasının sərhədləri çərçivəsində birgəyaşayış modelinin işlənməsi yolu ilə mümkün olduğunu vurğulayıb. Səfir Azərbaycanın ərazi bütövlüyünün danışıq mövzusu olmadığını və heç vaxt olmayacağını diqqətə çatdırıb.

növbəti xəbər əvvəlki xəbər