2016-04-06
2 aprel 2016-cı il tarixindən etibarən intensivləşən Azərbaycan - Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat

Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq etməkdədir. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və 1 milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymuş, Azərbaycan ərazisində çoxsaylı digər müharibə cinayətləri, bəşəriyyət əleyhinə cinayətlər və soyqırım törətmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiq edən və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə Ermənistan açıq şəkildə məhəl qoymur.

2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törətmişdir. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar etmişdir. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olmuş, 26 şəxs ağır yaralanmışdır. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəymişdir. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılmışdır. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilmişdir. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulmuşdur. Hücumların nəticələrinə dair 06 aprel 2016-cı il tarixinə olan müvafiq məlumat əlavə olunur.

Ermənistanın qeyd olunan cinayətkar əməlləri beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların, eləcə də Silahlı münaqişələr zamanı mədəni obyektlərin mühafizəsinə dair 1954-cü il Haaqa Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasıdır. Mülki əhaliyə qarşı törədilmiş bu qəsdli hücumlar nəticəsində çoxlu sayda mülki şəxs özünün yaşamaq, sağlamlıq, təhsil və dini etiqadların yerinə yetirilməsi kimi fundamental hüquqlarından məhrum edilmişdir.

Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görməkdədir.

Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır ki, regionda hökm sürən gərginliyin başlıca səbəbi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur. Ermənistanda bir qrup müharibə canisi tərəfindən idarə olunan hazırkı hərbi diktatura rejiminin son əməlləri beynəlxalq sülh və təhlükəsizlik, eləcə də sivil dünyanın önəm verdiyi dəyərlər üçün ciddi təhlükə təşkil edir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğuna görə ittiham etməyə çağırır. Azərbaycan regionda sülh və ədalətin təmin edilməsi üçün səylərini əsirgəməyəcəkdir.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop