2016-04-05
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı qəhramancasına həlak olmuş şəhidlərimizin xatirəsi yad edildi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı qəhramancasına həlak olmuş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə 5 aprel 2016-cı il tarixində Niderlandın yerli ictimiyyəti və Azərbaycan diasporunun təmsilçiləri gün ərzində Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyinin qarşısına gələrək həmrəylik nümayiş etdirmiş, çiçəklər qoymuş, şamlar yandırmış, şəhidlərin ruhuna dualar oxumuşlar.

Həmin gün səfir Mir-Həmzə Efendiyev və Niderlandda fəaliyyət göstərən aparıcı diaspor təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Səfir M.Efendiyev bildirmişdir ki, 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhali hədəfə alınaraq, qoşunların təmas xətti boyunca mövqeləri Ermənistan tərəfindən intensiv atəşə məruz qalmışdır. Səfirin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə lazımı addımlar atmışdır. Səfir bildirmişdir ki, Azərbaycan torpaqlarının hərbi işğalı münaqişənin həllinə xidmət etmir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaqdır. Ermənistan bu reallıqla nə qədər tez barışsa münaqişə bir o qədər tez həll olar.

Daha sonra qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılmış, Ermənistanın Azərbaycana qarşı iyirmi ildən çox davam edən təcavüzünün acı nəticələri, xüsusən də son günlərdə təmas xəttində baş vermiş hadisələrlə bağlı Niderland ictimaiyyətinin dürüst və dolğun şəkildə məlumatlandırılmasının, bu istiqamətdə diaspora təşkilatları tərəfindən birgə addımların atılmasının önəmi vurğulanmışdır.

Görüşdə Niderland-Azərbaycan Əlaqələndirmə Platforması, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Türk Mədəniyyət Dərnəyi, Ana Vətən Niderland Azərbaycanlı Qadınlar Birliyi və digər diaspor təşkilatlarının rəhbər və fəalları, yerli ictimaiyyətin təmsilçiləri, Niderlandda təhsil alan Azərbaycanlı tələbələr, jurnalistlər iştirak etmişlər.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop