2015-09-29
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb.

Bildirilib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur. Bu münasibətlə geniş tədbirlərin keçirilməsi planlaşdırılır.

Vurğulanıb ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 107 il bundan əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlandı. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Biz fəxr edirik ki, qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. Bu şərəfli salnamədə ilk ad 22 yaşlı bəstəkar Üzeyir Hacıbəylinin ölməz ismidir.

İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) kimi milli operalar yazdı.

Vurğulanıb ki, Üzeyir Hacıbəyli milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan "Koroğlu" operasını bəstələyib.

Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında dayanıb, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı ola bilməsi üçün fədakarcasına çalışıb. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub.

Xüsusi olaraq bildirilib ki, Üzeyir Hacıbəyli Tanrının Azərbaycan xalqına bəxş etdiyi misilsiz bir töhfədir. Onun yaradıcı irsi təkcə öz xalqı üçün deyil, bütün bəşəriyyət üçün çox dəyərli mənəvi sərvətdir. Zaman keçdikcə Üzeyir sənəti dünya xalqları tərəfindən daha çox sevilir, onun əsərləri heç bir sərhəd tanımır. Dünyanın ən möhtəşəm teatrlarının səhnəsində bu əsərlər dönə-dönə tamaşaya qoyulur, ekranlaşdırılır, məşhur müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur. Üzeyir Hacıbəylinin əsərləri milli olduğu qədər də bəşəridir.

Nazir müavini deyib ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Ə.Vəliyev deyib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak edirlər. Sentyabrın 28-dək davam edəcək festival günlərində ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı planlaşdırılıb. Paytaxtımızın müxtəlif mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı, digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.

Festival, Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın "Koroğlu" operasından uvertüranın səslənməsi ilə açıq elan edilib.

Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.

Festival sentyabrın 28-dək davam edəcək.

növbəti xəbər əvvəlki xəbər