2015-09-29
Amsterdama işgüzar səfər
Cari ilin avqust ayında Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova və Rəngkarlıq bölməsinin müdiri Mehriban Nuriyeva Niderland Krallığının Mədəniyyət araşdırmaları fondunun dəvəti ilə Amsterdam, Haaqa və Maastrixt şəhərlərində işgüzar səfərdə olmuşlar. Səfər çərçivəsində Amsterdam şəhərində yerləşən dünyanın aparıcı muzeylərindən biri olan Rijksmuseum muzeyində Mədəniyyət araşdırmaları fondunun rəhbəri Alie Gotrter, idarə heyətinin sədri Jan Hesselingi və fondun baş mütəxəssisi Fəridə Hüseynova ilə əməkdaşlarımız arasında görüş keçirilmişdir. Görüş əsnasında baş tutan dəyirmi masada sənət əsərlərinin bərpası, atribusiyası, sərgi və digər sahələrdə əməkdaşlıq işlərinin birgə həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Qonaqlar üçün Rijksmuseum muzeyində qorunub saxlanılan dahi holland rəssamı Rembrandtın əsərləri üzrə ekskursiya təşkil olunmuşdur.Bundan başqa əməkdaşlarımız Haaqa və Maastrixt şəhərlərinin aparıcı muzeylərini ziyarət etmiş, Maastrixt şəhərində yerləşən dünyanın ən böyük bərpa və konservasiya mərkəzi sayılan SRAL bərpa və konservasiya mərkəzində olmuşlar. Əməkdaşlığın nəticəsi olaraq bu ilin sonunda Azərbaycan Milli İncəsənət Muzeyində SRAL bərpa və konservasiya mərkəzindən dəvət olunacaq mütəxəssislərin rəhbərliyi ilə Azərbaycan muzeylərində çalışan bərpaçılar, o cümlədən bu sahə üzrə təhsil alan tələbələr üçün bərpa və konservasiya üzrə treninqlərin keçirilməsi planlaşdırılmışdır. Qeyd edək ki, bu treninq Azərbaycan Milli İncəsənət Muzeyinin ilk addımı deyil. Azərbaycan Milli İncəsənət Muzeyi aparıcı muzey aktuallığını qoruyub saxlamaqla yanaşı, vaxtaşırı muzey mütəxəsisslərinin inkişafı, eləcə də ictimaiyyətin muzeyə olan marağının artırılması sahəsində öz töhfəsini verən bu cür təlimlər həyata keçirir.
növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop