2015-09-14
Niderlandda Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarına dair “dəyirmi masa” keçirilib

Azərbaycanın  Niderland  Krallığındakı səfirliyi və Haaqa Beynəlxalq Hüquq Akademiyası Avropa İnsan Hüquqları  Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarına həsr olunan “dəyirmi masa” təşkil edib.

Azərbaycan, ABŞ, Çin, Braziliya, Kolumbiya, İtaliya, Polşa, Rumıniya, Bosniya və Herseqovina, Ukrayna, Türkiyə, İran və Qazaxıstandan ümumilikdə 20-yə yaxın hüquqşünasın iştirak etdiyi tədbirdə Azərbaycanın xarici siyasətinin başlıca prioritetləri, ölkənin müxtəlif sahələrdə əldə etdiyi uğurlar, eləcə də akkreditə olunduğu ölkədə və beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin yayılması istiqamətində səfirliyin fəaliyyəti barədə məlumat verilib.
Beynəlxalq ümumi hüquq sahəsində mütəxəssis olan iştirakçılarla Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı yekun qərarı, bu qərarın hüquqi əhəmiyyəti haqqında müzakirələr aparılıb.
Qeyd olunub ki, sözügedən məhkəmə prosesi zamanı Azərbaycan ərazisində yaradılmış qondarma rejimin heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən tanınmadığı, Ermənistanın Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyi, işğal olunmuş ərazilərə davamlı nəzarətin həyata keçirilməsində həlledici rol oynadığı, Ermənistanın qondarma respublika ilə bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiyası və bu vəziyyətin indiyədək davam etdiyi vurğulanıb.
Bildirilib ki, işğal olunmuş ərazilərdən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının Ermənistan tərəfindən mənimsənilməsinə yönəlmiş cəhdlər məhkəmənin qərarına əsasən, hüquqi baxımdan qanuni hesab oluna bilməz. Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən məhkəmə qərara gəlib ki, rəsmi Yerevan iddiaçılara münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq öhdəliklərini yerinə yetirməyib.
Toplantı zamanı təəssüflə qeyd edilib ki, Ermənistanın Azərbaycana 20 ildən artıq davam edən təcavüzünə və Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlamasına baxmayaraq, beynəlxalq birlik, xüsusilə də beynəlxalq sülh və təhlükəsizliyin təminatçısı olan BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq hüquqda cinayət sayılan təcavüz faktına lazımi hüquqi qiymət verməyib.
“Dəyirmi masa”da münaqişənin həlli ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi izah olunub, tədbir iştirakçıları tərəfindən münaqişənin hüquqi aspektlərinə və nizamlanma prosesinə dair suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop