Nikahın Bağlanmasının Qeydə Alınması

Ümumi məlumat

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunmuşdur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldıla bilər.

Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:

1.     nikaha daxil olan şəxslərin yazılı razılığı;

2.     nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;

3.     xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;

4.     subaylıq haqqında arayış;

5.     sağlamlıq haqqında tibbi arayış;

6.     40 avro (qırx) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır;

7.     əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);

Nikahın qeydə alınması qaydaları

Müraciət edilməsi qaydası.

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir.

Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzrlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə konsulluğa gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir. Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi konsulluq tərəfindən təsdiq edilməlidir.

Müraciətə baxılma müddəti.

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:

1)      təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;

2)      daimi yaşamaq üçün başqa yerə köçmə;

3)      birgə uşaqların olması;

4)      nikaha daxil olmaq istəyən qadının hamilə olması;

5)      evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;

6)      hərbi xidmətə çağırılma;

7)      digər hallarda.

Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.

 

 
bakushop