2015-10-16
Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun illik iclasında çıxış edib.

Nazir deyib ki, dinə və ya etiqada əsaslanan dözümsüzlüyün, ayrı-seçkiliyin və şiddətin artmaqda olduğu müasir dünyada mədəniyyətlərarası və ya dinlərarası dialoq dözümlülüyün, davamlı sülhün, stabilliyin və inkişafın təşviq edilməsinin ən əhəmiyyətli vasitələrindən birinə çevrilib. BMT-nin Sivilizasiyalar Alyansı ölkələr, mədəniyyətlər və sivilizasiyalar boyunca dözümlülüyün, sülhün və qarşılıqlı anlaşmanın təşviqi üçün qlobal dialoq və əməkdaşlığın gücləndirilməsində mühüm rol oynayır.

E.Məmmədyarov deyib: “Azərbaycan bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə böyük önəm verir və bu məqsədlə BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini tam dəstəkləyir.

Şərqlə Qərbin kəsişməsində yerləşən və bununla da hər iki sivilizasiyanın dəyərlərini qoruyub saxlayan Azərbaycan sivilizasiyalar arasında yalnız coğrafi körpü rolunu deyil, həmçinin mədəniyyətlərarası körpü rolunu da oynayır. Biz ölkəmizin mədəni müxtəlifliyini ona dinlərarası və mədəniyyətlərarası dialoqu və anlaşmanı təşviq etməyə töhfə verən, etnik və dini müxtəlifliyi dəstəkləməyə və icmalar arasındakı əlaqələri inkişaf etdirməyə geniş imkan verən güc və üstünlük hesab edirik.

Sivilizasiyalar Alyansının Dostları Qrupuna qoşulmasından sonra keçən dövr ərzində Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq etmək məqsədilə region və digər ölkələrdən olan siyasi, mədəni və dini liderləri bir araya gətirərək çoxsaylı yüksək səviyyəli və əməli fəaliyyətə yönəlmiş tədbirlərə ev sahibliyi edib. Biz 2016-cı ilin aprel ayında Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsini planlaşdırır və bu tədbirin real nəticələr verəcəyinə ümid edirik. Habelə, Azərbaycan bütün dünyada mədəni müxtəliflik ideyalarının yayılması məqsədilə əhəmiyyətli təşəbbüslər irəli sürüb. Biz 2011-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və ISESCO ilə tərəfdaşlıq çərçivəsində “Bakı prosesi” kimi tanınan üç “Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumu” təşkil etmişik”.

Nazir bu iclasın stereotiplərin və anlaşılmazlığın öhdəsindən gəlməyə yönəlmiş səylərə əhəmiyyətli töhfə verəcəyindən, fərqli mədəniyyətlərin və dinlərin nümayəndələri arasında ədavəti azaltmaqla dialoqu, anlaşmanı və qarşılıqlı hörməti təşviq edəcəyindən əminliyini bildirib.

növbəti xəbər əvvəlki xəbər

 

 
bakushop