Qayıdış Şəhadətnaməsi

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

Qayıdış şəhadətnaməsi üçün lazım olan sənədlər:

1.     1. ərizə-anket;

2.     2. Pasport yararsız hala düşdükdə və ya onun etibarlıq müddəti bitdikdə – pasportun özü;

3.     3. iki ədəd rəngli fotoşəkil (3×4 sm ölçüdə);

4.    4. Üzərində fotoşəkil olan və etibarlıq müddəti bitməyən aşağıdakı sənədlərdən biri – Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası müvafiq dövlət orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinin əsli və ya surəti;

5.      5. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;

6.      6. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;

7.      7. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd;

8.      8. 40 avro (qırx) dövlət rüsumunun ödənilməsi haqqında qəbz. Qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş rüsum Səfirliyin bank hesabına (NL38ABNA0403491843) köçürülməli və ödəniş haqqında qəbz Səfirliyə digər sənədlərə əlavə olaraq təqdim olunmalıdır.

Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.